Qəlbimin pıçıltısı

Elə bir yer istəyirəm ki, ətrafda heç kim olmasın. Təbiət olsun, mən olum. Gözümün qabağında fəsillər dəyişsin. Meşədə olum, qar yağsın asta asta. Uzaqdan bir tülkü görsənsin dişləri arasında ovu. Bu küncdən qorxaq dovşan atlana atlana balalarının yanına getsin, onları isitməyə. Yağan qar kipriklərimdə otursun, ayaqlarımın altında hər gecə yatanda qulağımda səslənən “qarda gəzən insan ayağının səsi”ni versin. Nəfəs alım dərindən, sinəmi təmizləsin şaxta. Üşüdə bilərmi ruhumu?
Əriyən qarı torpaqdan dirçələn çiçəklər, yaşıl rəngə boyanan ağaclar tələsdirsin. Yaz gəlsin. Qoy, yağış yağsın. Gözlərimi yusun. Kəsməsin yağış, sevirəm yerə dəyən mirvari dənəsi kimi yağış səsini. Sonradan gölməçədə sanki damcılar yığışıb pıçıldaşır.
Yay qoy tez keçsin, payız gəlsin yenə. Heç zaman qızıl həvəskarı olmamışam, ancaq payızın qızıl rəngini çox sevirəm. Yenə yağış yağsın. Payızın ətri olan yağış. Torpaq üşüməz. Çünki, ağaclar yarpaqlarını torpağın üzərinə örtük kimi çəkirlər. Axı bitkilər torpağın qoynunda böyüyür. Dayanmasın yağış, soyusun ətraf, qara çevrilsin. Yenə qar yağsın. İndi sakitcə başımı qara sinə gərən söyüd ağacına söykəyib, onun ürək döyüntülərinə qulaq asardım. Onunla söhbətləşərdim. Bir dəfə dərin nəfəs alıb, arxası üstə qara çırpardım özümü. Gözlərimə qar yağsa da, göylərə baxardım. Qoy qar mənim üzərimə yağsın. Getdikcə ətrafdakı ağ rəngdən ayrılmasın cismim. Qoy, silsin mənim izimi. Günahlarım da silinsin mənim izimlə bərabər. Qulaqlarımda pıçıltılar var. Gözləyirlər məni o tayda. Qorxmuram ölümdən. Allah məsləhət bildiyi an öldürəcək. Qarın yağması gözlərimdə, yağışın səsi qulaqlarımda, xəzan barmaqlarımın arasında, çaylar isə gözlərimdə. Hər dörd fəsildən bir nişan, bir xatirə… Son pıçıltı…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>