Bala pişik


Qorxulu səs gözlərini açmağa məcbur etdi. Navalçadan axaraq gurultu salan yağış imiş. Yağış qoymadı bala pişiyi yatmağa. Əvvəllər də yağış yağardı, onda üşümürdü. İndi niyə titrəyir? Bəs anası hanı? Bala pişik incə səslə miyoldayıb, anasını axtardı ətrafda. Səsinə səs verən olmadı.Başını yaşadıqları qutudan çölə çıxarmaq istədi azacıq. Sanki torpaqdan qəzəbini çıxan iri yağış damcısı bala pişiyin üstünə şığıdı. Tez başını içəri salıb, silkələndi. İndi həm ac idi, həm üşüyürdü, həm anasız idi.
Küçədə alatoranlıq idi. 2 gündür aramsız yağan yağış canlıları çöldən bayırdan yığışdırmışdı. Kimsə yağışdan qorunmaq üçün qaça qaça keçdi. Ayaq səsləri onsuz da soyuqdan büzüşmüş pişiyi qutunun küncünə qısınmağa məcbur etdi.
Artıq alatoranlığı gündüzlə müharibə aparan gecə öz zəhmi ilə əvəz etmişdi. Beynində 1 fikir var idi. Anasını tapmaq. Acından, zəyiflikdən miyoltusu da zəifləmişdi. Anasını tapsaydı, aclıq, qorxu, soyuq – bunlar hamısı həll olunardı. Özünü toplayıb, yenidən başını çölə çıxardı. Yağış gur yağmırdı artıq, çiskin idi. Nə etmək olardı?! Qutudan çıxmaq, anasını axtarmağa yollandı bala pişik. Bilmirdi hansı səmtə getsin, yaxşı qoxu alan burnu da kömək olmurdu. Hər tərəfdən yağışın “ətri” gəlirdi. Azacıq getmişdi, mırıltı səsi gəldi sağ tərəfdən. Başını çevirəndə 2 parıldayan göz və lap yanında ağaran iri dişləri gördü. Bu qonşunun daim zəncirsiz qalan pəzəvəng iti idi. Bala pişik anasını çağırmaq istədi, səsi çıxmadı. Əlacı yox idi, ancaq qaçmalı idi. Ancaq… Ancaq bala pişiyin nə bərk qaçmağa taqəti, nə də itdən canını qurtara biləcək sürəti var idi. Dayandı və itə baxdı. Əgər zülmət olmasaydı bəlkə it bala pişiyin gözlərindəki o çarəsizliyi, qorxunu, titrəyişi görər, bəlkə də bir neçə anlıq dayanardı. Ancaq qaranlıq hər şeyin üzərinə öz qara yorğanını çəkdiyi kimi bunları da gizlətmişdi. İt pəncəsini irəli atıb pişiyi yaraladı. Boğazından yapışmaq istədi, bu zaman döngədən sürətlə gələn avtomobilin səsi və gur işığı iti qorxutdu. Pişik balasını kənara tullayıb, həyətin içinə qaçdı.
Canında hal qalmamışdı bala pişiyin. Qanı gölməçədə idi. Burnu tanış qoxu tutdu. Anasının qoxusu idi. Miyoldadı, ancaq öz səsini özü də eşitmirdi. İy gələn tərəfə süründü. Anası lap yaxında imiş. Yəqin yuxuya gedib deyə düşündü bala pişik. Dartındı, özünü anasına çatdırmalı idi. Anası onu yedizdirəcək, canına sıxacaq, soyuqdan, yağışdan, itlərdən qoruyacaq, qan axan yaralarını yalayacaq…..
Səhər açılırdı. Balaca bir qız uşağı məktəbə gedirdi.Yağış hələ də yağırdı. Ani olaraq dayandı. Gözləri doldu. Qarşısında bir bala pişik, azacıq kənarda ana pişik cəsədi var idi. Ana pişiyi maşın vurmuşdu…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>