Bu gün flash card-a düşmüş virusu təmizləyəndən sonra flash card-da bütün qovluqların gizli qaldığını gördüm. Heç cür gizliliyi aradan qaldırmaq olmurdu. Seçim yeri deaktiv idi. Google köməkliyi ilə belə bir yazıya rast gəldim. Bunu Command line -da etmək lazımdır. İlk öncə Flash cardı seçirik:
Məndə F diskidir flash card.
F:
Enter düyməsi, ardından aşağıdakı əmrləri yazırıq
attrib -s -h /s /d *.*
Yenidən Enter sıxırıq və kardın yaddaşında olan fayl həcmindən asılı olaraq bir neçə saniyə gözləyirik. Bununla da bütün qovluqlardan və fayllardan “gizlilik” götürülmüş olur.
Monthly Archives: December 2011
Windows 7 və USB flash card
Bala pişik

Qorxulu səs gözlərini açmağa məcbur etdi. Navalçadan axaraq gurultu salan yağış imiş. Yağış qoymadı bala pişiyi yatmağa. Əvvəllər də yağış yağardı, onda üşümürdü. İndi niyə titrəyir? Bəs anası hanı? Bala pişik incə səslə miyoldayıb, anasını axtardı ətrafda. Səsinə səs verən olmadı.Başını yaşadıqları qutudan çölə çıxarmaq istədi azacıq. Sanki torpaqdan qəzəbini çıxan iri yağış damcısı bala pişiyin üstünə şığıdı. Tez başını içəri salıb, silkələndi. İndi həm ac idi, həm üşüyürdü, həm anasız idi.
Küçədə alatoranlıq idi. 2 gündür aramsız yağan yağış canlıları çöldən bayırdan yığışdırmışdı. Kimsə yağışdan qorunmaq üçün qaça qaça keçdi. Ayaq səsləri onsuz da soyuqdan büzüşmüş pişiyi qutunun küncünə qısınmağa məcbur etdi.
Artıq alatoranlığı gündüzlə müharibə aparan gecə öz zəhmi ilə əvəz etmişdi. Beynində 1 fikir var idi. Anasını tapmaq. Acından, zəyiflikdən miyoltusu da zəifləmişdi. Anasını tapsaydı, aclıq, qorxu, soyuq – bunlar hamısı həll olunardı. Özünü toplayıb, yenidən başını çölə çıxardı. Yağış gur yağmırdı artıq, çiskin idi. Nə etmək olardı?! Qutudan çıxmaq, anasını axtarmağa yollandı bala pişik. Bilmirdi hansı səmtə getsin, yaxşı qoxu alan burnu da kömək olmurdu. Hər tərəfdən yağışın “ətri” gəlirdi. Azacıq getmişdi, mırıltı səsi gəldi sağ tərəfdən. Başını çevirəndə 2 parıldayan göz və lap yanında ağaran iri dişləri gördü. Bu qonşunun daim zəncirsiz qalan pəzəvəng iti idi. Bala pişik anasını çağırmaq istədi, səsi çıxmadı. Əlacı yox idi, ancaq qaçmalı idi. Ancaq… Ancaq bala pişiyin nə bərk qaçmağa taqəti, nə də itdən canını qurtara biləcək sürəti var idi. Dayandı və itə baxdı. Əgər zülmət olmasaydı bəlkə it bala pişiyin gözlərindəki o çarəsizliyi, qorxunu, titrəyişi görər, bəlkə də bir neçə anlıq dayanardı. Ancaq qaranlıq hər şeyin üzərinə öz qara yorğanını çəkdiyi kimi bunları da gizlətmişdi. İt pəncəsini irəli atıb pişiyi yaraladı. Boğazından yapışmaq istədi, bu zaman döngədən sürətlə gələn avtomobilin səsi və gur işığı iti qorxutdu. Pişik balasını kənara tullayıb, həyətin içinə qaçdı.
Canında hal qalmamışdı bala pişiyin. Qanı gölməçədə idi. Burnu tanış qoxu tutdu. Anasının qoxusu idi. Miyoldadı, ancaq öz səsini özü də eşitmirdi. İy gələn tərəfə süründü. Anası lap yaxında imiş. Yəqin yuxuya gedib deyə düşündü bala pişik. Dartındı, özünü anasına çatdırmalı idi. Anası onu yedizdirəcək, canına sıxacaq, soyuqdan, yağışdan, itlərdən qoruyacaq, qan axan yaralarını yalayacaq…..
Səhər açılırdı. Balaca bir qız uşağı məktəbə gedirdi.Yağış hələ də yağırdı. Ani olaraq dayandı. Gözləri doldu. Qarşısında bir bala pişik, azacıq kənarda ana pişik cəsədi var idi. Ana pişiyi maşın vurmuşdu…
Qəlbimin pıçıltısı
Elə bir yer istəyirəm ki, ətrafda heç kim olmasın. Təbiət olsun, mən olum. Gözümün qabağında fəsillər dəyişsin. Meşədə olum, qar yağsın asta asta. Uzaqdan bir tülkü görsənsin dişləri arasında ovu. Bu küncdən qorxaq dovşan atlana atlana balalarının yanına getsin, onları isitməyə. Yağan qar kipriklərimdə otursun, ayaqlarımın altında hər gecə yatanda qulağımda səslənən “qarda gəzən insan ayağının səsi”ni versin. Nəfəs alım dərindən, sinəmi təmizləsin şaxta. Üşüdə bilərmi ruhumu?
Əriyən qarı torpaqdan dirçələn çiçəklər, yaşıl rəngə boyanan ağaclar tələsdirsin. Yaz gəlsin. Qoy, yağış yağsın. Gözlərimi yusun. Kəsməsin yağış, sevirəm yerə dəyən mirvari dənəsi kimi yağış səsini. Sonradan gölməçədə sanki damcılar yığışıb pıçıldaşır.
Yay qoy tez keçsin, payız gəlsin yenə. Heç zaman qızıl həvəskarı olmamışam, ancaq payızın qızıl rəngini çox sevirəm. Yenə yağış yağsın. Payızın ətri olan yağış. Torpaq üşüməz. Çünki, ağaclar yarpaqlarını torpağın üzərinə örtük kimi çəkirlər. Axı bitkilər torpağın qoynunda böyüyür. Dayanmasın yağış, soyusun ətraf, qara çevrilsin. Yenə qar yağsın. İndi sakitcə başımı qara sinə gərən söyüd ağacına söykəyib, onun ürək döyüntülərinə qulaq asardım. Onunla söhbətləşərdim. Bir dəfə dərin nəfəs alıb, arxası üstə qara çırpardım özümü. Gözlərimə qar yağsa da, göylərə baxardım. Qoy qar mənim üzərimə yağsın. Getdikcə ətrafdakı ağ rəngdən ayrılmasın cismim. Qoy, silsin mənim izimi. Günahlarım da silinsin mənim izimlə bərabər. Qulaqlarımda pıçıltılar var. Gözləyirlər məni o tayda. Qorxmuram ölümdən. Allah məsləhət bildiyi an öldürəcək. Qarın yağması gözlərimdə, yağışın səsi qulaqlarımda, xəzan barmaqlarımın arasında, çaylar isə gözlərimdə. Hər dörd fəsildən bir nişan, bir xatirə… Son pıçıltı…

